“PeşəFest-2026” bu dəfə Şərurda təşkil olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi “PeşəFest-2026” layihəsinin Naxçıvan Muxtar Respublikasında növbəti dayanacağı Şərur şəhəri olub.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Naxçıvan MR-nin əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, millət vəkili Vüqar Rəhimzadə, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Peşə öyrən, gələcəyini qur!”
Festivalın əsas məqsədi gənclərin müasir əmək bazarında tələb olunan peşələrlə yaxından tanış olmasına, öz maraq və bacarıqlarına uyğun gələcək karyera istiqamətini müəyyən etməsinə dəstək olmaqdır.
Nazir Fərid Bağırzadə çıxışında gənclərin gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsində peşəyönümü tədbirlərinin əhəmiyyətinə diqqət çəkib.
O, əmək bazarının sürətlə dəyişən tələbləri şəraitində gənclərin müasir peşələr və yeni məşğulluq imkanları barədə məlumatlandırılmasının, onların maraq və qabiliyyətlərinə uyğun peşə seçiminə yönləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Bildirilib ki, “PeşəFest” gənclərin müxtəlif peşə sahələri ilə yaxından tanış olmalarına, həmin sahələr üzrə tələb olunan bilik və bacarıqlar haqqında təsəvvür əldə etmələrinə, eləcə də öz potensiallarını daha düzgün qiymətləndirmələrinə şərait yaradır.
Deputat Vüqar Rəhimzadə çıxışında bildirib ki, dövlətin gənclər siyasətinin təməlində intellektual və peşəkar kadrların yetişdirilməsi, eləcə də onların məşğulluğunun təmin olunması dayanır.
O qeyd edib ki, “PeşəFest” layihəsi də bu məqsədə xidmət edir və gənclərin gələcək karyera yolunu müəyyənləşdirməsi, həmçinin müasir əmək bazarının tələbləri barədə məlumat əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, “PeşəFest” kimi təşəbbüslər gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə, peşə təhsilinə marağın artırılmasına və yerli əmək bazarının ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə töhfə verir.
Rayonun iqtisadi potensialının inkişafında peşəkar kadr hazırlığının mühüm rol oynadığını qeyd edən icra başçısı gənclərin düzgün peşə seçiminin onların gələcək karyera imkanları üçün vacib olduğunu diqqətə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların yetişdirilməsi və peşə təhsilinin nüfuzunun artırılmasının vacib vəzifələrdən biri olduğunu bildirib.
Rektorun sözlərinə görə, “PeşəFest” gənclərə sadəcə peşə seçimi imkanı yaratmır, həm də onların öz potensiallarını kəşf etməsinə və real iş dünyası ilə birbaşa təmas qurmasına şərait yaradır.
DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov Naxçıvanda insan kapitalının inkişafı və gənclərin peşə potensialının üzə çıxarılması baxımından “PeşəFest” layihəsinin əhəmiyyətini qeyd edib.
O bildirib ki, regionun iqtisadi və istehsal imkanlarının, eləcə də xidmət sahələrinin genişlənməsi müxtəlif peşələr üzrə yeni perspektivlər yaradır.
Festival məktəblilərin peşələr haqqında praktiki təsəvvür əldə etmələrinə, peşə mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmalarına və maraqlarına uyğun gələcək karyera yolunu müəyyənləşdirmələrinə dəstək verir.
Festivalda 11 aktual peşə və ixtisas təqdim olunur
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini iştirakçıların diqqətinə çatdırıblar. Mütəxəssislər gənclərə peşə seçimi ilə bağlı tövsiyələr də veriblər.
“PeşəFest-2026” çərçivəsində əmək bazarında xüsusi aktuallıq kəsb edən aşağıdakı 11 peşə və ixtisas istiqaməti üzrə maarifləndirici tədbirlər təşkil olunur:
- Barista
- Bərbər
- Tibb bacısı / tibb qardaşı
- Dənizçi
- Əşyaların interneti (IoT) üzrə mütəxəssis
- Uçuş mühəndisi
- Geyim üzrə dizayner
- Silah mühəndisi
- SƏTƏM mütəxəssisi
- Kibertəhlükəsizlik mütəxəssisi
- UI/UX dizayner
Festival iştirakçıları bu peşələrin özünəməxsus xüsusiyyətləri və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı qazanırlar.
Kibertəhlükəsizlik də festivalın əsas istiqamətləri sırasındadır
“PeşəFest-2026” çərçivəsində gənclər kibertəhlükəsizlik mütəxəssisi peşəsi, bu sahədə tələb olunan bilik və bacarıqlar, müasir kibertəhdidlər və gələcək karyera imkanları haqqında məlumat əldə etmək imkanı qazanırlar.